MÜSTƏQİL TƏMSİLÇİLİK VƏ XİDMƏTLƏR» HAQQINDA


«Евим Иншаат ве тижарят»ММЖ


M Ü Q A V İ L Ə

«MÜSTƏQİL TƏMSİLÇİLİK VƏ XİDMƏTLƏR» HAQQINDA


Tərəf: «Homm Life Azərbaycan» MMC Tərəf: «Müstəqil təmsilçi»


BAKI - AZƏRBAYCAN

MÜNDƏRİCAT


  1. Müqavilənin predmeti. səh.3


  2. Müstəqil təmsilçilik və xidmət şərtləri...............................................səh.3


  3. Tərəflərin öhdəlik və məsuliyyətləri..................................................səh.4


  4. Hesablaşma qaydaları.........................................................................səh.5


  5. Müqavilənin müddəti..........................................................................səh.5


  6. Konfidensiallıq................................................................................... səh.5


  7. Fors-major.......................................................................................... səh.5


  8. Müqaviləyə əlavə və dəyişiklərin edilməsi....................................... səh.6


  9. Müqaviləyə xitam verilməsi və ləğvi.................................................səh.6


  10. Mübahisələrin həll edilməsi............................................................. səh.6

    MÜQAVİLƏ

    (müstəqil təmsilçilik və xidmətlər haqqında)


    Bakı şəhəri Azərbaycan


    Bu Müqavilə (bundan sonra «Müqavilə» adlandırılacaq), bir tərəfdən fiziki şəxs qismində öz ad, soyad, ata adı, qeydiyyat və yaşayış üvnanı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN məlumatları və elektron poçt məlumatları ilə qeydiyyatdan keçən şəxs (bundan sonra «Müstəqil təmsilçi» adlandırılacaq) ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən «Homm Life Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyəti (VEÖN: 1604627501) (bundan sonra «Şirkət» adlandırılacaq) arasında bağlanmışdır («Müstəqil təmsilçi» və «Şirkət» ayrılıqda «Tərəf», birlikdə isə «Tərəflər» adlandırılacaq).


    1. MÜQAVİLƏNİN PREDMETİ

      1. Bu Müqavilənin predmeti «Tərəflər»in hüquq və vəzifələrini müəyyən etməklə «Şirkət» tərəfindən məhsulların «Müstəqil təmsilçi»lərə satışı və həmçinin «Müstəqil təmsilçi»lər tərəfindən «Şirkət»dən məhsulların alınaraq üçüncü şəxslərə satılması ilə bağlı prosedur və prinsipləri müəyyən etməkdən ibarətdir.

      2. «Müstəqil təmsilçi» «Homm Bitkisel Ürünler Pazarlama Anonim Şirketi»nin müvafiq saytında qeydiyyatdan keçməklə və ya müvafiq saytda qeydiyyatdan keçdiyi andan etibarən baş ofis olaraq

        «Homm Bitkisel Ürünler Pazarlama Anonim Şirketi» tərəfindən müəyyən edilmiş «Təmsilçilik müqaviləsi»ni, «Şirkətin Etika Kodeksi»ni və «Fərdi məlumatların qorunması haqqında» Qanununun izahına dair maddələri qəbul edir və onların hamısına uyğun hərəkət etməyi, əməl etməyi bəyan edir və bütün bunlara dair üzərinə öhdəliklər götürür.

      3. «Müstəqil təmsilçi» müvafiq saytda qeydiyyatdan keçdiyi andan etibarən bu Müqavilənin 1.2-ci bəndində qeyd edilənləri qəbul etməklə yanaşı, həmçinin «Şirkət» tərəfindən «Müstəqil təmsilçilik və xidmətlərlə» haqqında imzalanmış bu Müqavilənin şərtləri üzrə üzərinə öhdəlik və məsuliyyətlər götürmüş olur. «Müstəqil təmsilçi» qeyd edilən öhdəlik və məsuliyyətləri könüllü, öz iradəsinə zidd olmayaraq qəbul etdiyini bu Müqaviləni imzalmaqla bəyan və qəbul edir.

      4. «Müstəqil təmsilçi» müvafiq saytda qeydiyyatdan keçərkən qeyd etdiyi məlumatların özünə aid olduğunu və düzgün olmasını, müstəqil təmsilçilik və xidmətlər ilə bağlı qeydiyyatının öz şəxsi iradəsi ilə könüllü şəkildə həyata keçirdiyini qəbul və bəyan edir.


    2. MÜSTƏQİL TƏMSİLÇİLİK VƏ XİDMƏT ŞƏRTLƏRİ

      1. «Tərəflər» aşkar şəkildə razılaşırlar ki, bu Müqaviləyə əsasən «Müstəqil təmsilçi» ilə «Şirkət» arasında işçi - işəgötürən münasibətləri qurulmayıb və həmçinin «Tərəflər» arasında əmək münasibətləri rəsmiləşdirilməyib.

      2. «Müstəqil təmsilçi» «Şirkət»in işçisi, qanuni nümayəndəsi və ya agenti deyildir və bu hüquqa malik deyildir.

      3. «Müstəqil təmsilçi» müstəqil satış fəaliyyətini həyata keçirərkən yaranmış, yaranan və yarana biləcək vergi və digər bütün xərcləri öz adından və öz hesabına həyata keçirməsini bəyan və qəbul edir.

      4. «Müstəqil təmsilçi» «Şirkət» adından üçüncü şəxslər qarşısında hər hansı borc və ya öhdəlik götürmək hüququna malik deyildir.

      5. «Müstəqil təmsilçi» fəaliyyəti dövründə «Şirkət»ə məxsus və «Şirkət» tərəfindən ona təqdim olunan məhsulların markalarının nüfuzuna xələl gətirəcək hər hansı davranış və ya şifahi və yaxud yazılı açıqlama verə bilməz. «Müstəqil təmsilçi» «Şirkət»in mənafeyinə xələl gətirən hərəkətlərdən çəkinməyə borcludur və buna görə «Müstəqil təmsilçi» bu Müqavilənin 3.3-cü bəndinə əsasən məsuliyyət daşıyacağını qəbul və bəyan edir.

    3. TƏRƏFLƏRİN ÖHDƏLİK VƏ MƏSULİYYƏTLƏRİ

      1. Bu Müqavilənin şərtlərinin, bəndlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki, maddi, cinayət və digər hüquqi məsuliyyət daşıyırlar.

      2. «Müstəqil təmsilçi»nin öhdəlik və məsuliyyətləri:

        1. «Müstəqil təmsilçi» bu Müqavilə üzrə fəaliyyətini bu Müqavilənin 2.3-cü bəndində göstərildiyi kimi öz adından və öz hesabına həyata keçirdiyi üçün bütün hüquqi, yəni mülki, maddi, inzibat, cinayət və maliyyə riskləri, borclar, öhdəliklər, xərclər, vergilər, rüsumlar və digər oxşar bu fəaliyyətdən irəli gələn öhdəliklər «Müstəqil təmsilçi»yə məxsusdur.

        2. Bu Müqavilə ilə bağlı «Müstəqil təmsilçi»nin fəaliyyətinə görə «Şirkət»ə qarşı hər hansı bir iddia və ya tələb yarandıqda və ya «Şirkət» ödəniş etməli olarsa, «Müstəqil təmsilçi» yaranan və ya yarana biləcək bütün maddi və mənəvi zərərlərə görə məsuliyyət daşıyacaqdır. Qeyd olunanlarala əlaqədar olaraq «Müstəqil təmsilçi» heç bir məhkəmə qərarına ehtiyac olmadan «Şirkət»in yazılı tələbini dərhal qəbul edəcəyini bəyan edir və öhdəsinə götürür.

        3. «Müstəqil təmsilçi» birbaşa başqa bir satış və ya şəbəkə marketinqi şirkətində işləyə bilməz, bunu könüllü olaraq üzərinə öhdəlik götürərək bəyan və qəbul edir. «Müstəqil təmsilçi»nin hansı karyerada olmasından asılı olmayaraq, o, şirkətin ikinci «Müstəqil təmsilçi»sinə və ya müştərisinə başqa satış və ya şəbəkə marketinqi, birbaşa satış işi və həmçinin məhsul təklif edə bilməz.

        4. «Müstəqil təmsilçi», «Şirkət»in qabaqcadan yazılı razılığı olmadan «Şirkət»in heç bir müştərisini və ya işgüzar münasibətdə olduğu hər hansı hüquqi və ya fiziki şəxsi onunla işləməyə və həmçinin

          «Şirkət»in işçisini işdən çıxmağa təşviq etməyəcəyini qəbul edir, bəyan edir və öhdəsinə götürür.

        5. «Müstəqil təmsilçi» öz (və ya digər) sosial media hesabında neqativ, pis və böhtan xarakterli yazılar yazmamalı, heç bir yazının altında belə şərhlər verməməli və həmçinin «Şirkət»in nüfuzuna, imcinə xələl gətirən, «Şirkət»in satış strategiyasına mənfi təsir edən hər hansı bir paylaşım, video çıxış paylaşmamalı və ya yaymamalıdır.

        6. «Müstəqil təmsilçi» və ya öz iradəsi ilə, yaxud «Şirkət» tərəfindən müstəqil təmsilçiliyinə xitam verilmiş şəxs və ya şəxslər tərəfindən hər hansı məqsədlə ictimai və ya birbaşa olaraq istənilən sosial media mühitində, o cümlədən digər media vasitələrində, internet saytlarında paylaşılan, o cümlədən WhatsApp, TikTok və bunun kimi digər platformalarda paylaşılan məlumatlarla «Şirkət»in, yəni

          «Homm Life Azərbaycan» MMC və həmçinin «Homm Bitkisel Ürünler Pazarlama Anonim Şirketi»nin kommersiya reputasiyasına xələl gətirəcək və ya «Şirkət»in məhsullarını pisləyəcək istənilən formada məlumatların paylaşılması qadağandır. «Şirkət» bu cür davranış nümayiş etdirən şəxs(lər)ə qarşı bu Müqavilənin 3.3-cü bəndinə istinadən qanuni hüquqi addımlar atmaq hüququna malikdir.

      3. «Müstəqil təmsilçi»lər tərəfindən bu Müqavilənin 3.2-ci («Müstəqil təmsilçi»nin öhdəlik və məsuliyyətləri) bəndinin və həmçinin bu Müqavilənin digər bəndlərinin, şərtlərinin və öhdəliklərinin pozulması halları baş verərsə, «Şirkət» «Müstəqil təmsilçi»lərdən yaranmış və ya dəymiş zərərin ödənilməsini və həmçinin zərərlə yanaşı 10.000 (on min) manat cərimə tələb etmək hüququna malikdir.


      4. «Şirkət»in öhdəlikləri:

        1. «Şirkət» satdığı mal və ya məhsullar haqqında daxil olan istənilən şifahi və ya yazılı sorğuları cavablandırmaqla «Müstəqil təmsilçi»lərə ətraflı məlumat verilməsinə dair üzərinə öhdəlik götürür.

        2. «Şirkət» «Müstəqil təmsilçi» adından üçüncü şəxslər qarşısında hər hansı borc və ya öhdəlik götürmək hüququna malik olmadığına dair üzərinə öhdəlik götürür.

        3. «Müstəqil təmsilçi» öz şəxsi iradəsilə təmsilçilik xidmətinə xitam vermək istəyini bildirdikdə,

          «Şirkət» tərəfindən bununla bağlı zəruri addımlar atılmalıdır.

        4. «Müstəqil təmsilçi» «Şirkət»in işçisi olmadığı üçün «Şirkət» «Müstəqil təmsilçi» ilə işçi və işəgötürən münasibətlərində olmamasını bəyan edir və həmçinin bu münasibətlərdən irəli gələn hüquqlarından istifadə etməyəcəyinə dair üzərinə öhdəlik götürür.

        5. «Müstəqil təmsilçi» müstəqil satış fəaliyyətini həyata keçirərkən «Şirkət» adına yaranmış, yaranan və ya yarana biləcək vergi və digər bütün xərclərə görə «Şirkət» özü öhdəlik daşıyır.

    4. HESABLAŞMA QAYDALARI

      1. «Şirkət» tərəfindən «Müstəqil təmsilçi»lərə ödənişlərin, bonusların verilməsi baş ofis olaraq

        «Homm Bitkisel Ürünler Pazarlama Anonim Şirket» və həmçinin «Homm Life Azərbaycan» MMC tərəfindən müəyyən edilmiş Marketinq Planına uyğun olaraq tənzimlənir.

      2. Bu Müqavilə üzrə hesablaşmalar aşağıdakı 2 (iki) formadan biri ilə həyata keçiriləcək:

        1. Nağd qaydada - ödəniləcək məbləğə «Şirkət» tərəfindən 20% komissiya tətbiq edilərək;

        2. Bank hesabına köçürmə yolu ilə - heç bir komissiya tətbiq edilməyərək.

      3. Hesablaşmalar Azərbaycan Respublikasının milli valyutası olan manat (AZN) ilə aparılır.

      4. «Müstəqil təmsilçi» tərəfindən bu Müqavilənin hər hansı bəndinin pozulması halında, «Şirkət»

        «Müstəqil təmsilçi»nin yığılmış məbləğlərini (ödəniləcək istənilən pul vəsaitlərini, bonuslarını və s.) ödəməmək və bu məbləğlərdən, bonuslardan hər hansı itkiləri, dəymiş ziyanları kompensasiya etmək hüququnu özündə saxlayır.

    5. MÜQAVİLƏNİN MÜDDƏTİ

      1. «Müstəqil təmsilçi» müvafiq saytda qeydiyyatdan keçməklə, yəni saytda qeydiyyatdan keçdiyi andan etibarən bu Müqavilə bağlanmış hesab olunur.

      2. Müstəqil təmsilçilik ərizə forması onlayn olaraq doldurulduğu tarixdə bu Müqavilə qeyri-müəyyən müddətə bağlanmaqla təsdiq edilmiş və bu Müqavilə şərtləri qəbul edilmiş hesab edilir.

      3. «Şirkət» «Müstəqil təmsilçi»nin fəaliyyətinə istənilən an xitam verə və bununla bağlı müvafiq addımlar ata bilər. «Şirkət»in bu müstəsna hüququ heç bir halda mübahisələndirilə bilməz.

      4. «Müstəqil təmsilçi» 10 (on) gün əvvəlcədən yazılı şəkildə olmaqla istənilən vaxt və heç bir səbəb göstərmədən müstəqil təmsilçi kimi fəaliyyətinə xitam vermək hüququna malikdir.

    6. KONFİDENSİALLIQ

      1. Bu Müqavilənin məqsədlərinə görə konfidensial məlumat, bir tərəfin digər tərəfə müqavilənin yerinə yetirilməsi çərçivəsində vermiş olduğu yazılı və ya elektron daşıyıcıda əks olunan məlumatdır (hamıya bəlli olan məlumatlar və təqdim edilməsi qanunla nəzərdə tutulmuş məlumatlar istisna olunur).

      2. Tərəflər bu Müqavilənin qüvvədə olma müddəti ərzində və həmçinin bu Müqaviləyə hər hansı səbəbdən xitam verildikdən sonra məxfilik öhdəliyinin qeyri-müəyyən müddətə davam edəcəyini üzərinə öhdəlik götürərək bəyan edirlər ki, digər tərəf barəsində əldə etdiyi konfidensial məlumat(lar)ı, qarşı tərəfin buna razılığı və ya qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü tərəfə təqdim etməməli və ya onu yaymamalıdır, həmçinin digər üsulla bu məlumat(lar)dan istifadə etməməlidir.

      3. «Müstəqil təmsilçi» üzərinə öhdəlik götürərək bəyan və qəbul edir ki, bu Müqavilə çərçivəsində

        «Şirkət» haqqında əldə edilən hər hansı məlumat konfidensial (məxfi) məlumat(lar)dır və bu məlumat(lar)ı üçüncü şəxs(lər)ə açıqlayarsa, bu Müqavilə qüvvədə olduğu halda «Şirkət» dərhal bu Müqaviləni ləğv edə və yaranmış zərərin ödənilməsini, həmçinin zərərla yanaşı 10.000 (on min) manat cərimə də tələb edə bilər.

    7. FORS-MAJOR

      1. Bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və lazımınca yerinə yetirməyən tərəf, öhdəliyin yerinə yetirilməməsini fors-major hal(lar)ın, yəni konkret vaxt hüdudunda meydana gələn qarşısıalınmaz fövqəladə hal(lar)ın səbəbindən baş verməsini sübut etdiyi halda, heç bir məsuliyyət daşımır. Həmçinin, bu Müqavilə üzrə öhdəliklərin icra edilmə yerində insan üçün normal həyat fəaliyyəti istisna edən küləyin gücü, hərarəti və çöküntülərin dərəcəsi, icra hakimyyəti orqanlarının moratoriumları və «Tərəflər»in icra olunmalı öhdəlikləri üçün fövqaladə hal kimi müəyyən edilən digər hal(lar) məsuliyyətdən azad edir.

      2. Qarşısıalınmaz hallar aşağıdakılardır: təbii fəlakətlər (zəlzələ, daşqın, vulkan püskürməsi, torpaq sürüşməsi, sunami və s.), müharibə, dövlət çevrilişi, blokada, embarqo, yanğın, epidemiyalar, tətillər, istehsal sahəsində boşdayanma və ya işçilərin tətili, istehsal sahəsində bədbəxt hadisənin və ya qəzanın baş verməsi, istehsalçının müflisləşməsi, qanunvericilikdə dəyişiklik.

      3. Fors-major hallarının təsiri altına düşən tərəf bu barədə digər tərəfi belə halların başlandığı andan 10 (on) təqvim günü müddətindən gec olmayaraq xəbərdar etməlidir. Digər tərəfi vaxtında xəbərdar etməmə halı fors-major halına əsaslanma hüququ vermir.

    8. MÜQAVİLƏYƏ ƏLAVƏ VƏ DƏYİŞİKLƏRİN EDİLMƏSİ

      1. «Şirkət»in rəhbərliyi, «Şirkət»in səlahiyyətli şəxsi «Müstəqil təmsilçi»lərinə əvvəlcədən elan verməklə (xəbərdar etməklə və ya məlumat verməklə) müstəqil təmsilçilik fəaliyyəti ilə bağlı qaydaları, şərtləri və prosedurları dəyişdirə bilər. «Müstəqil təmsilçi»lər «Şirkət»in elanlarını izləməyə, nəzərə almağa və həmçinin bunlara əməl etməyə borcludurlar.

      2. «Şirkət» bu Müqavilənin 8.1-ci bəndindəki şərtlərə əməl etməklə birtərəfli qaydada və istənilən vaxt bu Müqaviləyə dəyişiklik etmək hüququna malikdir.


    9. MÜQAVİLƏYƏ XİTAM VERİLMƏSİ VƏ LƏĞVİ

      1. Bu Müqaviləyə xitam verilməsi «Şirkət»in müstəsna və mübahisələndirilməyən hüququdur.

        «Şirkət»in bu hüququnu «Müstəqil təmsilçi» qəbul edir, bəyan edir və gələcəkdə mübahisələndirilməməsinə dair üzərinə öhdəlik götürür.

      2. Bu Müqavilə bağlandığı andan etibarən ilk 3 (üç) ay və ya bu Müqavilənin qüvvədə olduğu müddətdə sonuncu sifariş tarixindən 6 (altı) ay ərzində sifariş verməyən «Müstəqil təmsilçi» və onun müstəqil təmsilçi statusu üçün bu Müqavilədən irəli gələn hüquqları yuxarıda qeyd edilmiş müvafiq müddətlərin bitməsindən sonra dayandırılacaq və «Şirkət» tərəfindən «Müstəqil təmsilçi»nin fəaliyyətinə xitam verilməsi ilə bağlı zəruri addımlar atılacaqdır.

      3. İstənilən halda bu Müqaviləyə birtərəfli qaydada xitam verildikdə və ya bu Müqavilə məhkəmə qaydasında ləğv edildikdə, bu Müqavilə üzrə «Tərəflər»in icra edilməmiş öhdəliyinə xitam verilmir. Belə ki, bu Müqavilənin ləğvi və ya bu Müqaviləyə xitam verilməsi tərəflərdən birinin digər tərəf qarşısında olan icra edilməmiş öhdəliyinin icrasından azad etmir.

      4. Bu Müqavilənin bəndlərindən hər hansı biri və ya bir neçəsi qüvvəyə minməz, etibarsız hesab edilərsə və ya ləğv edilərsə, bu hal və ya hallar bu Müqavilənin digər bəndlərinin etibarlılığına təsir göstərə bilməz.


    10. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ

      1. Bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir.

      2. Bu Müqavilə üzrə mübahisələr «Tərəflər»in öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir.

      3. Bu Müqavilədə nəzərdə tutulmamış, tənzimlənməmiş digər hallar «Müstəqil təmsilçi» tərəfindən müvafiq saytda qeydiyyatdan keçərkən baş ofis olaraq «Homm Bitkisel Ürünler Pazarlama Anonim Şirketi» tərəfindən müəyyən edilmiş «Təmsilçilik müqaviləsi», «Şirkətin Etika Kodeksi» və «Fərdi məlumatların qorunması haqqında» Qanununun izahına dair maddələri ilə tənzimlənir. Yuxarıda qeyd edilənlər ilə tənzimlənməyən istənilən bir hal və ya mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənəcəkdir.

      4. «Tərəflər» arasında yaranmış mübahisələr bu Müqavilənin 10.1 və 10.2-ci bəndlərində göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində və ya dövlət orqanlarında baxılacaqdır.

;